Məzmuna keç
Nəfəs aldıqca ümid edirəm Bülleten (türkcə)

Elm / Xülasə / Türkiyə məlumatları

Türkiyədə orta və ağır yuxu apnoesi ilə daha çox xoruldama, yoxsa gündüz yuxululuğu əlaqəlidir?

Çoxmərkəzli registr · kəsik ■■□□ sübut aşağıdır: bir zaman nöqtəsi, yalnız yuxu klinikasına müraciət edənlər, əlamətləri xəstələr özləri bildirib

Kimlər
Milli yuxu apnoesi registri TURKAPNE-yə 2017-ci ilin oktyabrından bəri qoşulan mərkəzlərdən 15.579 qeyd nəzərdən keçirildi; təkrarlanan, səhv və ya natamam qeydlər (2.864) çıxarıldıqdan sonra 12.715 yetkin qaldı. Əvvəllər müsbət hava təzyiqi cihazı və ya ağızdaxili aparat ilə müalicə almış adamlar daxil edilmədi. İştirakçılar apnoe şübhəsi ilə müraciət etmiş adamlar idi, ümumi əhali deyil.
Nə etdilər
Hamıya laboratoriyada nəzarət altında, ən azı yeddi saat davam edən tam gecəlik polisomnoqrafiya aparıldı. Əlamətlər standart formadakı suallarla xəstələrin özündən öyrənildi, gündüz yuxululuğu Epworth şkalasının türkcə versiyası ilə ölçüldü. AHİ-si saatda 15 və daha çox olanlar qalanları ilə müqayisə edildi, müstəqil əlaqələr mərhələ mərhələ genişləndirilən (iyerarxik) logistik reqressiya modelləri ilə yoxlandı.
Nə tapdılar
8.393 nəfərdə (66,0%) orta və ya ağır apnoe var idi. Bütün amillərin birlikdə nəzərə alındığı modeldə kişi cinsi (OR 3,04), xoruldama (OR 2,35; 95% EA 2,12 ilə 2,62), başqasının gördüyü nəfəs dayanması (OR 1,86) və gecə təngnəfəslik (OR 1,26) orta və ağır apnoe ilə müstəqil şəkildə əlaqəli idi. Epworth balının OR göstəricisi 1,007 (0,999 ilə 1,015) idi, yəni əhəmiyyətli deyildi. Yüksək yuxululuq (Epworth 11 və daha çox) orta və ağır qrupda 25,8%, digər qrupda 17,7% idi; orta və ya ağır apnoesi olanların təxminən dörddə üçü yüksək yuxululuq bildirməmişdi. Yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər də tam modeldə müstəqil əlaqəni itirdi.
Məhdudiyyətlər
Müəlliflərin özlərinin qeyd etdikləri: kəsik dizayn səbəb nəticə əlaqəsini göstərə bilməz; yuxu klinikasından götürülmüş qrupun nəticəsini cəmiyyətə aid etmək olmaya bilər; əlamətlər və xəstəliklər barədə məlumat xəstənin dediklərinə və həkim qeydlərinə əsaslandığı üçün səhv təsnifat ola bilər; ölçülməmiş amilləri istisna etmək olmaz; sonradan izləmə viziti olmayıb. Bundan başqa: buradakı xoruldama xəstənin suala verdiyi cavabdır, səs qeydi ilə ölçülməyib. Maliyyə: Türk Torakal Cəmiyyəti. Maraqlar toqquşması: TURKAPNE tədqiqat qrupunun üç üzvü jurnalın redaktorudur; müəlliflər bildirir ki, bu adamlar məqalənin rəy və qərar prosesindən tamamilə kənarda saxlanılıb. Digər müəlliflər üçün maraqlar toqquşması bildirilməyib.
Bu sənin üçün nə deməkdir?

Gündüz özünü yuxulu hiss etməmək gecə nəfəsinin problemsiz olduğu demək olmaya bilər. Bu tədqiqatda xoruldama və başqasının gördüyü nəfəs dayanması yuxululuq balından daha çox şey söylədi. Bu əlamətlər səni narahat edirsə, onları qiymətləndirməyin düzgün yolu həkimlə danışmaqdır. Bu, tövsiyə deyil.

İstinad
Balcan B, Pıhtılı A, Kıyan E, və həmkarları. Clinical Characteristics of Moderate-to-Severe Obstructive Sleep Apnea: A Cross-sectional Analysis of 12,715 Adults from the TURKAPNE Cohort. Thoracic Research and Practice. 2026;27(3):173-181. doi:10.4274/ThoracResPract.2026.2026-1-4 · Açıq giriş (CC BY-NC 4.0).
Hazırlayan
Nefesly redaksiya qrupu, məqalənin tam mətni əsasında. 11 oktyabr 2026.
Rəqəmlərin yoxlanması
Xülasədəki bütün rəqəmlər məqalənin tam mətni və cədvəlləri ilə bir bir tutuşduruldu; heç bir rəqəmə düzəliş lazım olmadı. 15 oktyabr 2026.
Düzəliş
15 oktyabr 2026: maraqlar toqquşması cümləsində "üç müəllif" əvəzinə "TURKAPNE tədqiqat qrupunun üç üzvü" yazıldı; bu adamlar məqalədə adı çəkilən müəlliflər deyil, məlumatları toplayan tədqiqat qrupunun üzvləridir. Üsul cümləsində məqalədə olduğu kimi "pilləli" əvəzinə "mərhələ mərhələ genişləndirilən (iyerarxik)" yazıldı.
Müəllif hüququ
Bu xülasə məqalənin annotasiyasından tərcümə edilməyib; tam mətn oxunaraq yazılıb.